Bizim uğurumuz Basketbol yarışı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “ SAF Həyat Naminə” və Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Bizim uğurumuz” məktəblilər arasında basketbol yarışı” adlı layihə həyata keçirilib. Bu barədə məlumat verən Birliyin sədri Dinara Abbasovanın sözlərinə görə, layihə çərçivəsində Bakı, Sumqayıt, Xırdalan şəhərlərindəki məktəbli yeniyetmə və gənclərdən ibarət komandalar təşkil olunub: “ Hər komandada 12 nəfər olmaqla 96 nəfər yarışmaçı və 300 nəfər azarkeş gənclər, eyni zamanda gənc hakimlər layihədə iştirak edəcəklər. Qalib komanda kubokla, digər komandalar həvəsləndirici mükafat və diplomlarla mükafatlandırılacaqlar. Yarış “1 İyun ”“ Uşaqları Beynəlxalq Müdafiə Gunu” nə həsr olunub”. D. Abbasova onu da qeyd edib ki, layihənin əsas məqsədi bədən tərbiyəsi və idmanla məşğul olan hər bir yeniyetmə və gəncdə fiziki hazırlıq və mənəvi kamillik keyfiyyətlərinin ahəngdar birləşdirilməsini təmin etməkdən ibarətdir: “ Layihə boyu “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı məktəbli gənclərimiz maarifləndiriləcəklər. Eyni zamanda idmanın bir növü olan basketbolun inkişafı ilə bağlı görülən işlər barəsində və bu sahədəki çatışmamazlıqlar ictimaiyyətə çatdırılacaq. Növbəti nəticə məktəblərdə idman və bədən tərbiyəsinin tədrisinin səviyyəsi və onun gənclər arasında təbliği təhlil olunaraq təkliflər paketi hazırlanaq.Layihə çərçivəsində keçiriləcək yarışda iştirak edən gənclərə sağlamlıqlarını qorumaq üçün idman və bədən tərbiyəsinin əsas şərt olduğu tövsiyyə olunacaq”. Dinara Abbasova eyni zamanda bu sahədəki problemlərə də toxunub: “Vətəndaşların bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnu təmin etmək, eyni zamanda bunun üçün bərabər imkan və şəraitin yaradılması məqsədilə belə bir layihəni gündəmə gətirdik. Son zamanlar uşaq, yeniyetmə və gənclər daha çox asudə vaxtlarını kompyuter arxasında və ya sensorlu telefonlarla virtual aləmlə əlaqədə olduqlarına görə idmanla az məşğul olurlar və ya da heç məşğul olmurlar. Bu da onların sağlamlağına, xüsusilə də onurğa xəstəliklərinə,məsələn, skolioza- onurğanın yanlara doğru əyilməsi olub, vertikal ox ətrafında burulmasına gətirib çıxarır. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına səbəb olur, bu isə insan orqanizmində bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur” Qeyd edək ki, layihə çərçivəsində bukletlər və köynək- papaq dəstləri hazırlanaraq iştirakçılara paylanılacaq.